Azərbaycan “ITU Telecom World 2014” sərgisində uğurla təmsil olunub 2014-12-15 11:25:55 / KONFRANSLAR

Dekabrın 7-dən 10-dək Qətərin Doha şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "ITU Telecom World 2014" sərgisində Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinin tərkibinə ölkəmizin İKT sektorunun dövlət, özəl və ictimai qurumlarının təmsilçiləri daxil olub. Sərgidə sahəsi 120 kv.m olan Azərbaycan pavilyonu təşkil edilib.

 

Sərginin açılış mərasimində Qətərin baş naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani, informasiya və kommunikasiya texnologiyaları  naziri Hessa Sultan Əl-Cabir, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture və "OoredooGroup"un Direktorlar Şurasının sədri Şeyx Abdullah bin Məhəmməd bin Səud Al Tani çıxış edib.

Nazir Əli Abbasov açılış mərasimində və çoxsaylı sessiyalarda iştirak edib, bir sıra görüşlə rkeçirib. Açılış mərasimində nazir "Rəqəmli fərqliliyin aradan qaldırılması" ("Enabling the Digital Divide), "Genişzolaqlı internetin universal xidmətə çevrilməsi üçün addımlar" ("Disrupt or to be Disrupted to make Broadband Universal") və "Çevik idarəçilik: Rəqəmli iqtisadiyyatın inkişafı ("Smart Governance: Enabling the Digital Economy") panellərində məruzəçi kimi iştirakedib. Bu haqda ictnews.az saytı xəbər verib.

 

Səfər zamanı nazir Ə.Abbasov Rusiyanin rabitə və kütləvi kommunikasiya naziri Nikolay Nikiforov və Qətərin informasiya və kommunikasiya texnologiyaları naziri xanım Hessa Sultan Əl-Caber ilə ikitərəfli görüşlər keçirib və əməkdaşlıq məsələlərini müzakirə edib.

Əli Abbasov "Arabsat" şirkətinin prezidenti Xalid Balkheyour, "Airbus Defence and Space" şirkətinin sədr müavini Erik Berancer, "Cisco" şirkətinin vitse- prezidenti Rober Pepper, "Alcatel Lucent" şirkətinin sədr müavini xanım Qabriel Qauteyva UNESCO baş katibinin müavini Qetaçu Enqida ilə də görüşlər keçirib.

 

Səfər çərçivəsində həmçinin "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da imzalanıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024