Amerikanın “Looking Glass” şirkətinin istehsalçıları xüsusi köməkçi qurğular olmadan predmetin holoqrafik təsvirini üçölçülü formatda göstərə bilən ekran hazırlayıblar.
robo-hunter.com saytının məlumatına görə, qurğu 3D-modellərə daha rahat baxış üçün nəzərdə tutulub. Bildirilir ki, qurğunun istehsalı üçün tələb olunan vəsaitin bir hissəsi artıq “Kickstarter” kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) platformasında toplanıb.
Təcrübə göstərdi ki, 3D-təsvirlərə baxış üçün xüsusi eynəklər və ya virtual reallıq şlemləri həcmli təsvirləri canlandıra bilmir. Buna görə də mütəxəssislər uzun müddətdir ki, 3D-modellərə baxışı asanlaşdıran qurğunun yaradılması üzərində çalışırlar. Bu məqsədlə onlar həcmli obyektləri eyni zamanda bir neçə insana göstərən linzalardan istifadə ediblər.
İstehsalçıların sözlərinə əsasən, qurğu həcmli modeli müxtəlif rakurslardan götürülmüş 45 təsvirə bölür və onları vahid təsvirdə birləşdirir. Əsl həcmli təsvirin “optik yalan”ı ekranın qarşısında quraşdırılmış lentikulyar rastr sayəsində formalaşır.
Yeni qurğu 3D-model yaradıcıları və peşəkar dizaynerlər tərəfindən tətbiq ediləcək. Gələcəkdə istehsalçılar populyar 3D-modelləşdirmə proqramlarında (“Maya”, “Blender”, “Zbrush”, “Solidwork” və “Tinkercad”) modellərə sürətli baxış üçün plaqinlər yaratmağı planlaşdırırlar.