Koreyada göz protezləri 3D-printerdə çap ediləcək 2018-07-17 16:36:00 / MARAQLI MƏLUMATLAR

Cənubi Koreyanın Yonsei Universitetinin Severans klinikası üçölçülü çapın köməyilə yaradılmış göz protezlərinin kommersiyalaşdırılması haqqında məlumat verib. Texnologiya Koreya Elm Nazirliyinin yeni nəsil tibbi devaysların texnoloji inkişafı üzrə layihəsinin bir hissəsidir.

robo-hunter.com saytının məlumatına görə, oftalmoloq Yun Yin-Suk və göz protezləri istehsalçısı Baik Syonq-Vun texnologiyanı 3 il aparılan tədqiqatdan sonra hazırlayıblar. Texnologiyanın tətbiqi universitet və işığın rəqəmsal emalı texnologiyasına malik 3D-printerlər üzrə ixtisaslaşmış “Carima” şirkətinin əməkdaşlığı sayəsində mümkün olub. Artıq istehsalçılar layihənin ikinci mərhələsinə – texnologiyanın kommersiyalaşdırılmasına başlayıblar.

Təşkilatlar arasında bağlanmış müqaviləyə əsasən, tədqiqatçılar yeni göz protezlərinin təhlükəsizliyi və yararlılığını 2020-ci ilə qədər sınaqdan keçirəcəklər. Bundan sonra klinikanın və “Carima”nın mütəxəssisləri müxtəlif regionlar və ölkələrdən olan pasiyentlərin protezlərlə təmin edilməsi üçün xüsusi proqram hazırlayacaqlar. Platformada məsləhət almaq, protezin dizaynını seçmək, istehsal prosesini izləmək və protezi sifariş etmək mümkün olacaq.

Statistikaya əsasən, Koreyada göz protezlərinə 60000 pasiyent ehtiyac duyur, lakin yalnız 40000 insan onları əldə etmək imkanına malikdir. Yeni texnologiya bu problemin həllinə və istehsal prosesini daha da sürətləndirməyə kömək edə bilər.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024