Çində dron-quşlardan istifadə olunacaq 2018-07-12 16:23:00 / TEXNOLOJİ YENİLİKLƏR

Son illər ərzində Çinin 5 əyalətində 30-dan çox hökumət idarəsi və hərbi müəssisə dron-quşlardan istifadə etməyə başlayıb. “Casus quşlar”dan istifadə ilə bağlı “Dove” (“Göyərçin”) adlı yeni proqrama Sian Şimal-qərb Texniki Universitetinin professoru Son Bifen rəhbərlik edir.

Dron-quşlardan istifadənin miqyası bu gün tətbiq edilən digər pilotsuz uçuş aparatları ilə müqayisədə kiçik olsa da, ekspertlər hesab edirlər ki, bu texnologiyanın bəzi unikal üstünlükləri onun gələcəkdə bir çox sahələrdə tətbiq edilməsinə imkan verəcək. Məsələn, yeni dron bərkidilmiş qanadları ilə pilotsuz uçuş aparatlarından fərqli olaraq, quşların qanadlarını təqlid edir. Bundan başqa, yeni nəsil dronları insanlar və hətta radarlar aşkar edə bilmir. İstehsalçıların sözlərinə görə, dronlar əsl göyərçinin hərəkətlərini 90 faiz dəqiqliklə təkrarlayırlar. Qeyd edilir ki, bu pilotsuz uçuş aparatları o qədər real görünürlər ki, əsl quşlar çox vaxt onların yanında uçurlar.

aiportal.ru saytının məlumatına görə, hər bir dron yüksək dəqiqliyə malik kamera, GPS-antenna, uçuşun idarə edilməsi sistemi və peyk əlaqəsi ilə məlumatların ötürülməsi kanalı ilə təchiz edilib. Xüsusi olaraq hazırlanmış proqram təminatı kameradan dəqiq təsvirlərin və sabit videonun əldə olunmasına zəmanət verərək istənilən maneələrə qarşı durmağa kömək edir.

Mütəxəssislər yeni texnologiyanın sınaqları üçün təxminən 2000 uçuş keçiriblər. Nəticədə məlum olub ki, dronlar əsl quşlar kimi uçaraq, hətta ən həssas radiolokasiya sistemlərini aldatmağı bacarıblar. Ekspertlər hesab edirlər ki, pilotsuz təyyarənin korpusunda kamuflyajdan, hətta əsl lələklərdən istifadə radarların dronları aşkar etməsini daha da çətinləşdirə bilər.

Texnologiyanın hələ ki, erkən inkişaf mərhələsində olmasına baxmayaraq, onun fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, ətraf mühitin qorunması və şəhər planlaşdırılması kimi bir çox sahələrdə tətbiqinin mümkünlüyü dronların qiymətinin (təxminən 1,54 milyard ABŞ dolları) yüksək olacağını ehtimal etməyə əsas verir.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024