Mobil bulud texnologiyalarında virtual resurslardan səmərəli istifadə üçün metod və alqoritmlər işlənilir 2018-07-09 13:58:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov rəhbərlik etdiyi 4 saylı şöbənin yarımillik hesabatını təqdim edib.

Şöbədə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verən alim mobil bulud texnologiyalarında virtual resurslardan səmərəli istifadə və Əşyaların İnterneti texnologiyalarında şəbəkə resurslarından səmərəli istifadə üçün metod və alqoritmlərin işlənməsi, Verilənlərin Emalı Mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması, eləcə də AzScienceNet şəbəkəsində Enterprise Desktop Grid xidmətlərinin yaradılması istiqamətində tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb. R.Ələkbərov şöbə əməkdaşları tərəfindən proqramla idarə olunan şəbəkə texnologiyaları, verilənlərin emal mərkəzlərində paralel hesablamaların təşkili, Green Computing texnologiyaları, superkompüter texnologiyaları və digər prioritet istiqamətlərdə araşdırmaların aparıldığını bildirib.

Şöbə müdiri, həmçinin AR Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənməsi”, AR Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyələşdirdiyi “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” qrant layihələri üzrə tədqiqatların aparıldığını söyləyib.

R.Ələkbərov şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində 22 iyun 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantının təşkil olunduğunu bildirıb.

Alim AzScienceNet şəbəkəsinin infrastrukturunun genişləndirilməsi ilə bağlı görülən işlərdən söz açıb. Qeyd edib ki, AMEA-nın institut və təşkilatlarının 172 yeni kompüteri AzScienceNet şəbəkəsinə qoşulmuş, akademiyanın bir neçə institut və təşkilatına Wi-Fi, Eduroam kimi yeni İnternet xidmətlərindən istifadə imkanı təqdim edilmişdir. AMEA-nın 3 (Fizika, Biofizika, Genetik Ehtiyatlar İnstitutları) institut və təşkilatlarının kompüter şəbəkələrinin fiber optik əlaqə kanalı vasitəsi ilə AzScienceNet-ə qoşulması işləri yerinə yetirilmişdir.

R.Ələkbərovun sözlərinə görə, AzScienceNet şəbəkəsi və Data Mərkəzin texniki imkanlarının (17 Flops, 500 Tbayt) artırılması, AMEA RH Mərkəzi Aparatının kompüter təminatı və şəbəkə-kommunikasiya infrastrukturunun yenidən qurulması işləri də elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçirilmişdir.

Məruzəçi şöbə əməkdaşları tərəfindən ölkə və beynəlxalq səviyyəli nüfuzlu jurnallarda və keçirilən konfranslarda məqalələrin nəşr olunduğunu nəzərə çatdırıb.

R.Ələkbərov, həmçinin elmi-pedaqoji və elmi təşkilati fəaliyyət, əldə edilən nəticələrin KİV-də təbliği, beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması çərçivəsində görülən işlərə dair məlumat verib.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin hesabatına dair tövsiyələrini bildirib. Alim şöbədə yerinə yetirilən elmi-tədqiqat işlərinin aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd edərək bu istiqamətlər üzrə tədqiqatların davam etdirilməsinin, məqalələrin hazırlanmasının vacibliyini vurğulayıb.

Şöbənin hesabatına dair müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib. 

 

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024