Kaliforniya Texnologiya İnstitutunun (Caltech) tədqiqatçıları insan gözünə implantasiya edilə bilən təzyiqölçən cihaz hazırlayıblar. Qurğu bir neçə il ərzində simsiz şəbəkə vasitəsilə pasiyentin gözünün sağlamlığı barədə məlumatların ötürülməsi üçün nəzərdə tutulub.
naukatv.ru saytının məlumatına görə, simsiz və yüksək həssaslığa malik cihaz ABŞ ekspertləri tərəfindən ən yeni mikroelektronika texnologiyalarının köməyilə və oftalmoloqlarla sıx əməkdaşlıq sayəsində hazırlanıb. O, qlaukoma (göz daxilində yüksək təzyiqə görə görmə qabiliyyətinin tədricən itirilməsi) xəstəsi olan insanlara nəzarət məqsədilə yaradılıb. Qlaukoma korluğun yayılmasına görə kataraktdan sonra ikinci səbəb hesab edilir.
Bildirilir ki, hazırda göz təzyiqi tonometrlər vasitəsilə ölçülür, lakin bu metodun çatışmazlığı ondan ibarətdir ki, təzyiq pasiyent həkimin yanında olan zaman bir dəfə ölçülür. Göz təzyiqi gün ərzində bir neçə dəfə dəyişir və bu səbəbdən həkimin əldə etdiyi məlumatlar dəqiq olmur. Prosedur, həmçinin, yerli anesteziyadan istifadəni tələb edir.
Yeni cihaz pasiyentin vəziyyətini daim nəzarət altında saxlayır. Ölçüsü təxminən 2 sm təşkil edən qurğu təzyiqölçən cihaz, idarəetmə sxemi və antenadan ibarətdir. İmplantat batareya ilə təchiz edilməyib: təzyiq haqqında məlumatların oxunması zamanı portativ skanerin radiodalğaları antena tərəfindən qəbul edilir və siqnalı əksinə göndərmək üçün qurğunu müvəqqəti aktivləşdirən gərginliyi generasiya edir.