Qloballaşan dünyada, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə elm və təhsilin qarşısına yeni tələblər qoyulur. İnformasiya-kommunikasiya texnologiyalarının müasir inkişaf səviyyəsi elm və təhsil sahəsində operativ, çevik inteqrasiyanın gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq və tərəfdaşlığın inkişafı üçün böyük imkanlar yaradır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da dövlət siyasətinə uyğun olaraq, elm və təhsilin inteqrasiyasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verir. AMEA-da fəaliyyət göstərən AzScienceNet elm kompüter şəbəkəsi akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərərək Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edir. AzScienceNet 2015-ci ildə Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) milli operator statusunda üzvlüyə qəbul olunmuşdur. AMEA İnformasiya Texnologiyaları İnstitutu GEANT ilə geniş əməkdaşlıq əlaqələri quraraq, qeyd edilən əməkdaşlıq çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün elektron infrastrukturun yaradılması məqsədilə Avropa Birliyi tərəfindən müəyyənləşdirilən EaPConnect layihəsində Azərbaycan tərəfini təmsil edir.
22 iyun 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantının əsas məqsədi də EaPConnect layihəsini, onun imkanlarını və Azərbaycanda elm və təhsilin inteqrasiyasına töhfəsini təqdim etmək, eyni zamanda İnformasiya Texnologiyaları İnstitutu və AR Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalamaq idi.
Toplantıda AMEA, AR Təhsil Nazirliyi, AR Xarici İşlər Nazirliyi, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də ali məktəb və elmi tədqiqat institutlarının rəhbər şəxsləri və EaPConnect layihəsinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu toplantının Azərbaycanın elm və təhsili üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Alim bildirdi ki, dünyada gedən ümumi inkişaf tendensiyalarına uyğun olaraq, Azərbaycanda da biliklərə, yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması qarşıya məqsəd kimi qoyulmuşdur. Biliklər iqtisadiyyatın formalaşması isə, ilk növbədə, ölkədə müasir dövrün tələblərinə, çağırışlarına uyğun keyfiyyətli elm və təhsil sisteminin təşkilini inkişaf etdirilməsini və bu iki sahə arasında səmərəli əməkdaşlıq əlaqəsinin qurulmasını tələb edir. Akademik ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məsələlərin prioritetlərdən biri kimi öz əksini tapdığını diqqətə çatdırdı.
A.Əlizadə bildirdi ki, Şərq Tərəfdaşlığının əsas məqsədlərindən biri də genişzolaqlı İnternet şəbəkəsinin yaradılması və müvafiq ölkələrin aidiyyatı qurumlarının Avropanın elm və təhsil şəbəkəsinə inteqrasiya edilməsi, həmin ölkələrdə fəaliyyət göstərən alim və mütəxəssislərin beynəlxalq elmi əməkdaşlığına dəstək verilməsidir. O, rəhbərlik etdiyi qurumun da öz missiyasına uyğun olaraq bu prosesdə fəal iştirak etdiyini vurğuladı.
AMEA-nın rəhbəri 2017-ci ilin noyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyanatında qeyd edilən bəzi fikirləri diqqətə çatdırdı. Bildirdi ki, Bəyanatda müvafiq ölkələrin elm, təhsil və innovasiya sistemlərinin inteqrasiyasının vacibliyi, bu prosesin müvafiq sahələrdə məhsuldarlığın və rəqabətin artmasına təsir göstərəcəyi, GEANT şəbəkəsinə qoşulmaqla müvafiq ölkələrdə rəqəmsal bərabərsizliyin azalmasına nail olunacağı vurğulanır.
AMEA prezidenti AzScienceNet ilə Azərbaycan Təhsil Şəbəkəsi arasında işgüzar əməkdaşlıq əlaqələrindən söz açaraq, bu əməkdaşlıq çərçivəsində artıq ölkəmizin 13 ali məktəbinin AzScienceNet şəbəkəsinə qoşulduğunu, hazırda digər ali məktəblərdə bu istiqamətdə işlərin davam etdirildiyini qeyd etdi.
Akademik A.Əlizadə AMEA İnformasiya Texnologiyaları İnstitutu və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında imzalanacaq əməkdaşlıq haqqında müqaviləyə də toxundu. Bu sazişin Azərbaycanının elektron elm və elektron təhsil mühitlərinin inteqrasiyası, beynəlxalq təşkilatlarda ölkəmizin elm və təhsil qurumlarının İKT sahəsində maraqlarını birgə təmin edilməsi baxımından çox əhəmiyyətli olduğunu söylədi.
Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verdi. “Qloballaşma şəraitində İKT-nin inkişafı ölkələrin elmi və intellektual potensialının vacib göstəricilərindən birinə çevrilib”, – deyə bildirən nazir xüsusilə təhsil sahəsində informasiya texnologiyalarından səmərəli istifadənin zəruri olduğunu bildirdi. Ölkə Prezidentinin qəbul etdiyi dövlət proqramları çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi vasitəsilə tədrisin keyifiyyətinin yüksəldilməsi, təhsil sisteminin informasiyalaşdırılması və İKT infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini qeyd etdi. Bildirdi ki, müvafiq dövlət proqramlarına əsasən, ümumtəhsil məktəblərinin 90%-i kompüter və digər İKT avadanlıqları ilə təchiz olunmuş, təhsil mühitinin yüksəksürətli İnternətlə təmin olunması məqsədilə Azərbaycan Təhsil Şəbəkəsi yaradılmışdır. Nazir həmçinin qeyd etdi ki, GEANT ilə əməkdaşlıq əlaqələri Azərbaycan təhsil müəssisələrində aparılan elmi tədqiqatların səmərəliyinin artırılmasına geniş imkanlar yaradacaq.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə İKT Sahəsində Avropa ölkələri ilə əməkdaşlıq əlaqələrindən və bu sahədəki perspektivlərdən danışdı. Müasir dövrdə dinamik inkişaf edən İKT-nin ölkəmizdə də prioritet istiqamətlərdən olduğunu, bu sahənin dövlət başçısı tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığını vurğuladı.
Nazir ölkənin İKT infrastrukturunun Avropa standartlarına uyğunlaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu söyləyən nazir bu əməkdaşlığın Azərbaycanda elm və təhsilin inteqrasiyası yönündə yeni perspektivlərə yol açdığını bildirdi.
Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev “Avropa Birliyi və Azərbaycan: əməkdaşlıq və perspektivlər” mövzusunda çıxış etdi. O, toplantının əhəmiyyətini önə çəkərək bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacib olduğunu vurğuladı. “Elm və təhsilin sürətli inkişafına nail olmaq əsas hədəflərimizdəndir”, – deyə bildirən məruzəçi bu sahədə Avropa İttifaqının təcrübəsinin öyənilməsinin məqsədəuyğun olduğunu qeyd etdi. Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə etdi.
EaPConnect layihəsinin rəhbəri Maria Minarikova GEANT və EaPConnect layihəsinin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Məruzəçi GEANT-ın Avropa üzrə elm və tədqiqat şəbəkəsi olduğunu və bu təşkilatın 38 ölkəni əhatə etdiyini diqqətə çatdırdı. Bildirdi ki, şəbəkənin Avropa üzrə 50 000-dən çox istifadəçisi vardır.
Məruzəçinin sözlərinə görə, EapConnect layihəsinin əsas məqsədi Şərq tərəfdaşlığı regionunda dünya səviyyəsində elm və təhsil üzrə regional kompüter şəbəkəsi yaratmaqdır.
Sonra o, GEANT şəbəkəsinin infrastrukturu, EapConnect layihəsi, eləcə də LOLA (LOw LAtency audio visual streaming system) audiovizual sistemi haqqında qısa videoçarx təqdim etdi.
M. Minarikova Estonaiyanın LOLA audiovizual sisteminin real zamanda məsafədən idarə olunan texnologiyaya əsaslandığını, sərhədsiz musiqini təqdim etdiyini dedi: “Əsas məqsəd bütün dünyada insanları bir araya gətirmək, dünyəvi dəyərləri paylaşmaqdır”.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “AzScienceNet elm kompüter şəbəkəsi” mövzusunda məruzə ilə çıxış etdi. O, 2014-cü ildən etibarən AMEA İnformasiya Texnologiyaları İnstitutunun Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasında (GEANT) Azərbaycanı təmsil etdiyini qeyd etdi.
Alim bildirdi ki, AzScienceNet şəbəkəsinin Avropanın elm və təhsil şəbəkələrinə (GEANT) inteqrasiyasının məqsədi Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsidir. Bildirdi ki, institut 2015-2020-ci illər ərzində icra olunan “Eastern Partnership Connect (EaPConnect)” layihəsində Azərbaycanı təmsil edir.
AMEA-nın akademik-katibi ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, AMEA-nın institut və təşkilatlarının əməkdaşlarının 100% genişzolaqlı İnternetlə təmin edilməsi, AzScienceNet şəbəkəsi xidmətlərindən respublikanın ali təhsil müəssisələrinin və elmi qurumlarının geniş istifadəsi məqsədilə görüləcək işlərdən də danışdı.
İnstitut direktoru həmçinin AzScienceNet şəbəkəsinin inkişaf mərhələləri, infrastrukturu, imkanları, təqdim etdiyi xidmətlər haqqında toplantı iştirakçılarına ətraflı məlumat verdi.
Sonda AMEA İnformasiya Texnologiyaları İnstitutu və AR Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Müqaviləni AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov imzaladılar.
Müqavilədə Avropa Birliyinin EaPConnect layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, ölkənin ali təhsil müəssisələrinin Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycanda elm və təhsilin inteqrasiyasının təmin edilməsi, EaPConnect layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsi məsələləri öz əksini tapıb.