Almaniya, Fransa, Böyük Britaniya və ABŞ alimləri mimika və göz hərəkətlərinin bir videodan digərinə daşınması üçün süni intellektdən istifadə ediblər.
robo-hunter.com saytının məlumatına görə, kamera qarşısında olan insan müəyyən mimik ifadələri təkrarlayır və sözləri tələffüz edir. Süni intellekt məlumatları təhlil edərək, onları digər videoya daşıyır. Bu videoda da insan eynilə həmin hərəkətləri və sözləri təkrarlamağa başlayır.
Tədqiqatçılar tərəfindən yaradılmış neyron şəbəkə əldə edilmiş videonun emalına yalnız bir neçə dəqiqə sərf edir. Sonra o, məlumatları əsas videofayla daşıyır və onunla sinxronlaşdırır. Sistem, hətta lazım olduqda bəzi fon kölgələrini manipulyasiya edə bilir. Nəticədə əldə olunmuş video ilk fayldan demək olar ki, fərqlənmir.
Layihənin hazırlanması ilə məşğul olan alimlər qeyd edirlər ki, bu neyron şəbəkə virtual reallıq və film istehsalı üçün faydalı olacaq. Lakin aydındır ki, sistemdən pis niyyətlər (məsələn, informasiya müharibələrində mənəvi zorakılıq məqsədilə saxta xəbərlərin yaradılması) üçün də istifadə etmək olar.
“Mən bu kimi texnologiyaların etik nəticələrini bilirəm. Bu, tədqiqat nəticələrimizin nəşr olunmasının səbəblərindən biridir. İnsanların düşüncələrinin necə idarə oluna biləcəyi haqqında məlumatlı olması çox vacibdir”, – deyə layihənin tədqiqatçılarından biri olan Yustus Teys bildirib.