Simsiz şəbəkə texnologiyalarının imkanları müzakirə olundu 2018-06-08 10:51:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 4 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın simsiz şəbəkə texnologiyalarının mövcud vəziyyəti və tətbiq sahələrinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Məruzəni təqdim edən institutun proqramçısı Təbriz Ağaşov simsiz şəbəkə texnologiyasının imkanları barədə məlumat verdi. Bildirdi ki, bu texnologiya nöqtədən nöqtəyə və ya bir şəbəkə strukturu şəklində əlaqəni təmin edir.

“Simsiz şəbəkə texnologiyasını digər texnologiyalardan fərqləndirən əsas cəhət radiosiqnallardan istifadə edilməsidir”,– deyə bildirən məruzəçi simsiz şəbəkənin “Bluetooth”, “HomeRF”, “WiMAX”, “ZigBee”, “LoRaWAN”, “IEEE 802.11” və s. standartlarını diqqətə çatdırdı.

“Bluetooth” simsiz standartının ən son versiyası olan “Bluetooth 5.0”ın əsas üstünlüklərindən danışan T.Ağaşov bu versiyanın əvvəlki versiyalarından fərqli olaraq daha sürətli və geniş çeşiddə təqdim olunduğunu və uzaq məsafəyə (240 m) informasiya ötürə bildiyini dedi.

Məruzəçinin sözlərinə görə, geniş zolaqlı naqilsiz əlaqə texnologiyası “WiMAX” yüksək keyfiyyətli simsiz İnternetdir və “IEEE 802.16” standartına uyğun işləyir. Bu texnologiya uzun məsafəyə ötürmə, yüksək sürət, aşağı xərc tələb etməsi kimi üstünlüklərə malikdir.

T.Ağaşov infraqırmızı şüalarla əlaqə texnologiyası – “IrDA” (İnfrared Direct Access) barədə danışaraq  bu texnologiyanın XX əsrin 90-cı illərindən məişət qurğularının simsiz bağlantısını təmin etmək üçün istifadə edilməyə başlandığını bildirdi. Qeyd etdi ki, “İrDA” az elektrik enerjisi istifadə edir, radioqurğunun işinə maneə törətmir, insan sağlamlığı üçün zərərsizdir.

O, həmçinin “ağıllı” ev və ofislərdə istifadə olunan elementlər arasında əlaqə yaradan “ZigBee” texnologiyasından söz açdı. Bu texnologiyanın sənaye, kənd təsərrüfatı, tibb, ticarət mərkəzləri və evlərin avtomatlaşdırılması, təhlükəsizlik və digər sahələrdə istifadə olunduğunu diqqətə çatdırdı.

Məruzəçi ağıllı cihazlar və Əşyaların İnterneti cihazlarının bir-biri ilə ünsiyyət qurmasına imkan verən “LoRaWAN” (Low Power Wide Area Network) protokolunun çox az enerji ilə işləmək üçün optimallaşdırıldığını bildirdi. Bütün dünyada qəbul edilmiş və artıq bir çox şirkət tərəfindən istifadə edilən simsiz rabitə protokolu və standartı “Z-Wave” haqqında məlumat verən T.Ağaşov bildirdi ki, “Microsoft” şirkəti tərəfindən hazırlanan “HomeOs” ağıllı ev proqramı “Z-Wave” texnologiyasına əsaslanır.

Sonda məruzəçi qeyd etdi ki, “Qualcomm” şirkətinin Barselonada keçirilmiş “Mobile World Congress 2018” sərgisində nümayiş etdirdiyi “WCN3998” simsiz rabitə çipi məlumatların fərdiləşdirilmiş şifrələməsindən istifadə edərək açıq şəbəkə istifadəçilərini qoruyan “WPA3” simsiz şəbəkə təhlükəsizliyi protokolunu dəstəkləyəcək. Bu məhsul, həmçinin “Bluetooth 5.1” simsiz rabitəsinin dəstəklənməsini təmin edəcək.

 

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024