Tədris-İnnovasiya Mərkəzinin illik hesabatı dinlənildi 2014-12-08 10:09:47 / KONFRANSLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında Tədris-İnnovasiya Mərkəzinin (TİM) illik hesabatını təqdim edən mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova cari ildə mərkəzdə şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi, elektron  mühitdə təhsilin monitorinqi və qiymətləndirilməsi, uşaq və yeniyetmələrin İnternetin zərərli təsirlərindən qorunması, intellektual oyunlar vasitəsilə orta məktəblərdə informatika fənninin tədrisi mövzularında elmi-tədqiqat işləri aparıldığını bildirdi.

 

Tədqiqat nəticələrinin məqalə və tezislərdə öz əksini tapdığını qeyd edən məruzəçi, beynəlxalq və respublika səviyyəli konfranslara 6 məruzənin təqdim olunduğunu və məqalələrin çap üçün nüfuzlu elmi nəşrlərə təqdim edildiyini diqqətə çatdırdı.

 

Sonra elmi-innovasiya və praktiki fəaliyyət çərçivəsində görülən işlər haqqında məlumat verən R.Mahmudova  mərkəzdə ölkənin doktorant və dissertantlarına informatika fənninin tədrisi və imtahanların qəbulu istiqamətində görülən işlərdən danışdı. 2014-cü ildə 1252 nəfərin kurslarda iştirak edərək imtahan verdiyini söyləyən bununla bağlı bəzi statistik məlumatları təqdim etdi.  

 

R.Mahmudova bu il AMEA Gəncə Bölməsində institutun Distant Tədris Mərkəzinin fəaliyyətə başlaması, Viki-mərkəz-in fəaliyyəti, İnformatika və proqramlaşdırma üzrə ali məktəb tələbələri arasında keçirilən Ümumrespublika Olimpiadasının təşkili və həyata keçirilmiş  bir sıra digər  innovativ layihələr haqqında məlumat verdi.

 

“Tədris Mərkəzi” informasiya sistemində toplanmış məlumatlar əsasında mütəmadi olaraq analitik təhlillərin aparıldığını bildirən məruzəçi “Elmi kadr hazırlığı (monitorinq)” adlı statistik məcmuənin çapdan çıxdığını vurğuladı. Həmçinin doktorant və dissertantlar üçün test tapşırıqlarından ibarət kitabın hazırlanaraq çapa təqdim olunduğunu diqqətə çatdırdı.  

 

R.Mahmudova 2014-cü ilin fəaliyyət planında nəzərdə tutulmuş digər məsələlərin icra vəziyyəti haqqında da məlumat verdi.

 

Hesabat ətrafında fikir mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi. Elmi şuranın qərarı ilə mərkəzin fəaliyyəti qənaətbəxş hesab olundu.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024