Məlumdur ki, hər il 17 may tarixi bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.
Bu ümumbəşəri tarixin qeyd olunması sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının 17 may 1865-ci ildə əsasının qoyulması ilə bağlıdır. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilir.
Beləliklə, BTİ 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul edir və hər il beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində bu tarix ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.
“Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nün əsas məqsədi İnternetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmsal fərqin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.
Cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü “Hər kəs üçün süni intellektdən istifadənin müsbət nəticələrinin təmin olunması” mövzusuna həsr edilib.
BTİ-nin bəyanatında bildirilir ki, son illər ərzində böyük verilənlər, maşın təlimi, verilənlər anbarının hesablama gücü və bulud hesablamaları sahəsində əldə olunan yüksək nailiyyətlər nəticəsində süni intellekt texnologiyaları sahəsində əhəmiyyətli irəliləyişə nail olunub. Süni intellekt əsasında texnologiyalar artıq səhiyyə, təhsil, maliyyə, kənd təsərrüfatı, nəqliyyat və digər genişspektrli sahələrin təkmilləşdirilməsi nəticəsində insanların həyatının yaxşılaşdırılması üçün istifadə edilən perspektivli alətlərin və proqramların əsas komponenti olub.
15 may 2018-ci il tarixində İsveçrənin Cenevrə şəhərində, BTİ-nin qərargahında bu günə həsr olunmuş “Süni intellektin üstünlükləri” mövzusunda II Ümumdünya Sammiti öz işinə başlayıb. Tədbirdə əsas diqqət Birləşmiş Millətlər Təşkilatının davamlı inkişafı sahəsində hədəflərinə nail olunmasının sürətləndirilməsi üçün süni intellektin potensialından istifadə olunmasının təmini məsələlərinə ayrılıb.