İsveçin “Furhat Robotics” startapı öz sosial robotunu təqdim edib. O, danışa və həmsöhbətini dinləyə bilən insan büstünə bənzəyir. Robotun məqsədi insanlara kömək etmək və “ağıllı” xidmətlər göstərməkdir.
robo-hunter.com saytının məlumatında bildirilir ki, hazırda robot Almaniyanın əsas hava limanı sayılan Frankfurt aeroportunda sınaqdan keçirilir. O, sərnişinlərin suallarına cavab verir, yaranmış problemlərlə bağlı praktik tövsiyələrini paylaşır. Sərnişinlərin sözlərinə görə, ingilis dilində danışan robot uçuşlarda yaranan gecikmələr və yaxınlıqda yerləşən kafelər haqqında faydalı göstərişlər verir.
“Furhat Robotics” istehsalçıları qeyd ediblər ki, onların biznes-modeli insanla robotun qarşılıqlı əlaqəsi üçün istənilən mühitdə tətbiq edilə bilər. Texnologiya insanlara xidmət etmək üçün artıq tamamilə hazırdır.