Yeni biometrik ödəniş sistemi sınaqdan keçirilir 2018-05-07 14:00:00 / MARAQLI MƏLUMATLAR

Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən “Costcutter” supermarket şəbəkəsi damarların analizinə əsaslanan biometrik ödəniş sisteminin sınaqlarına başlayıb.

3dnews.ru saytının məlumatına görə, “Fingopay” adlandırılmış texnologiya “Hitachi” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Sistemin tətbiqi ilə biometriyanı dəstəkləyən ödəniş xidmətləri üzrə ixtisaslaşan “Sthaler” şirkəti məşğul olur. “Fingopay” platforması barmaqda olan damarların oxunması üçün xüsusi qurğudan istifadəni nəzərdə tutur. Əldə olunmuş unikal barmaq izi sonra istifadəçinin bank kartı ilə əlaqələndirilir. Qeydiyyat prosedurunu keçdikdən sonra debet və ya kredit kartlarını, həmçinin nağd pulu cibdə gəzdirməyə ehtiyac olmayacaq. Barmağın köməyilə ödəniş etmək mümkün olacaq.

İstifadə edilən sistem yüksək etibarlılıq dərəcəsinə malikdir. Damarların orqanizmin daxilində olması və bir çox fərqləndirici xüsusiyyətlərə malik olması özünü başqa biri kimi təqdim etməyi son dərəcə çətinləşdirir. Sınaqlar müsbət nəticə verərsə, “Fingopay” sistemi “Costcutter” şəbəkəsinin digər ticarət nöqtələrində də tətbiq ediləcək.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024