“Amazon” şirkəti “Alexa” səs köməkçisindən istifadəyə imkan verən “ağıllı” eynəyin yaradılması üzərində işləyir. Adi eynək kimi görünən “ağıllı” eynək simsiz rabitə vasitəsilə smartfona qoşulur.
psm7.com saytının məlumatına görə, qurğu istifadəçinin çənə sümükləri vasitəsilə səsli vibrasiyaların ötürülməsindən ibarət olan “Bone Conduction” texnologiyasından istifadə edir. Bu texnologiya istifadəçiyə “Alexa”nı dəqiq eşitmək imkanı verir.
“Alexa”nın “ağıllı” eynəyə inteqrasiya edilməsi məişət avadanlıqları ilə məhdudlaşdırılmış səs köməkçisinin geniş yayılması üçün bütün baryerləri aradan qaldıracaq. Hazırda “Alexa”dan “Amazon Echo” “ağıllı” spikeri, “ağıllı” soyuducu, lampa və digər elektron cihazlar vasitəsilə istifadə etmək olar. “Alexa” Android və iOS əməliyyat sistemləri ilə işləyən qurğular üçün əlçatandır və amazon.com saytından alış-veriş etmək üçün xüsusi proqrama inteqrasiya edilib.
“Amazon” şirkəti “ağıllı” eynəyini “Lab126” adlı məxfi eksperimental bölməsində hazırlayır. Şirkətin yeni ixtirasını cari ilin sonunadək təqdim edəcəyi gözlənilir.