Dünyanı real zamanda izləmək üçün orbital şəbəkə yaradılır 2018-04-25 15:43:00 / TEXNOLOJİ YENİLİKLƏR

Yeni “EarthNow” şirkəti orbitdən dünyanın istənilən nöqtəsinin şəklini çəkmək və saniyələr ərzində onun videosunu təqdim etmək imkanına malik olacaq. Başqa sözlə, planetin istənilən nöqtəsində real zamanda nə baş verdiyini faktiki olaraq izləmək mümkün olacaq. Şirkətin investorları arasında “AirBus”, “SoftBank Group” şirkətləri, peykəlaqəsi sahəsində veteran Qreq Vayler, eləcə də Bil Qeyts yer alır.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, vəsaitlər ilk növbədə, real zamanda Yer kürəsini müşahidə etmək üçün innovativ və unikal xidmət təminatı üzrə sistemin layihəsinin təkmilləşdirilməsinə yönəldilib.

popmech.ru saytının məlumatına əsasən, Qreq Vaylerin “OneWeb” şirkəti artıq siqnalın ötürülməsi zamanı son dərəcə aşağı ləngiməyə malik peykləri kosmosa buraxıb. Onun hədəfi isə artıq 2020-ci ilə genişzolaqlı formatda peyklərin tam şəbəkəsinin yaradılmasıdır. “EarthNow” şirkəti “OneWeb”in texnologiyasının təkmilləşdirilmiş versiyasından istifadə edəcək. 

Ekspertlərin qiymətləndirməsinə əsasən, sistemin ümumi dəyəri təxminən bir milyard dollar təşkil edəcək. Şirkətin əsas məqsədi öz xidmətlərini dövlətlərə və əyləncə xidmətləri sahəsində ixtisaslaşan şirkətlərə təqdim etməkdir.

Şirkət, həmçinin sistemin digər imkanlarını da nəzərdən keçirir. O, meşə yanğınları başladığı anda xəbərdar etmək, vulkan püskürmələrini ilk vaxtdan müşahidə etmək, media vasitələrinə bütün dünyadan hadisələri işıqlandırmağa kömək etmək, balinaların köçünü izləmək, “ağıllı şəhərlərə” daha effektiv olmağa kömək etmək, bütün planet üzrə münaqişə zonalarını müşahidə etmək və s. xidmətlər göstərəcək.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024