Qrid sistemləri ilə bağlı tədqiqatlar aparılır 2018-04-23 11:00:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə əməkdaşı Səməd Dursunov “Qrid sistemlərində təhlükəsizlik texnologiyalarının analizi” haqqında məruzəni təqdim etdi.

O, qrid sistemlərində istifadə edilən təhlükəsizlik standartlarından söz açaraq buraya Kerberos, TLS (Transport Layer Security), PKIX (Public key infrastructure) və s. aid olduğunu bildirdi. Qeyd etdi ki, Kerberos birdəfəlik avtorizasiyanı və ötürülən informasiyanın çevik qorunmasını, TLS doğruluğu, tamlığı və informasiyanın məxfiliyini təmin edir. PKIX açıq açar və imtiyazların idarə olunması infrastrukturları üçün olan ITU-T standartıdır.

Məruzəçi paylanmış hesablama mühitinin təhlükəsizlik sistemlərinə olan tələbləri haqqında danışdı. Bildirdi ki, bu tələblər istifadəçilərin birdəfəlik qeydiyyatının aparılması, hüquqların ötürülməsi, lokal təhlükəsizlik sistemləri ilə inteqrasiya və etibarlılıq əlaqələrinin həyata keçirilməsi imkanlarından ibarətdir.

O, həmçinin Grid Security Infrastructure (GSI) barədə məlumat verdi. Bildirdi ki, GSI istifadəçilər və tətbiqlərin resurslara təhlükəsiz şəkildə daxil olmasına imkan verən Globus Toolkit-də istifadə olunan bir sıra alət, kitabxana və protokollardır. GSI sistemində hər bir istifadəçi şəbəkə üzərində şəxsiyyətini təsdiq etmək üçün X.509 sertifikatı və fərdi açardan istifadə etməlidir.

S.Dursunov GSI-yə birdəfəlik giriş əldə etməyin üstünlükləri, proksi sertifikat, böyük miqyaslı paylanmış hesablama nümunəsi, GSI-nin xüsusiyyətləri və s. haqqında məlumat verdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

 

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024