Bu gün informasiyanın xarici sərt disklərdən bulud xidmətlərinə qədər müxtəlif yazı metodlarında saxlanılmasının bir çox üsulları mövcuddur. Lakin texnologiyaların inkişafı ilə əlaqədər faylların həcminin böyüməsi məlumatların daha çox tutuma malik daşıyıcılarda saxlanılmasını tələb edir.
“Twist Bioscience” şirkətləri DNT-yə mahnı yazmağa müvəffəq olublar. Şirkət nümayəndələrinin bildirdiyinə görə, onlar istənilən mahnını populyarlıq qazanan yeni formatda saxlamaq üçün DNT-yə yazmağa hazırdırlar.
Qeyd edək ki, startap DNT-nin süni sapları və süni genlərin çapı ilə məşğul olur. Həb ölçüsündə olan DNT informasiya daşıyıcısı bir neçə terabayt həcmə malik sərt diskə nisbətən daha çox məlumat saxlaya bilər.
hi-news.ru saytının məlumatına görə, “Twist Bioscience” artıq 259 milyon dollarlıq investisiya cəlb edib. İndi istənilən şəxs şirkətin xidmətlərindən yararlana bilər. Lakin bu xidmətdən istifadə kifayət qədər yüksək məbləğ tələb edir. Məsələn, 12 meqabayt həcmli sevimli mahnısını DNT-yə yükləmək istəyənlər təxminən 100 min ABŞ dolları xərcləməli olacaqlar.
Şirkətin direktoru Emili Leprustun sözlərinə görə, yaxın illərdə DNT-də məlumatların saxlanılmasına olan qiymət düşəcək. Belə ki, 2028-ci ilə kimi bu xidmətdən istifadənin dəyəri təxminən 10 sent təşkil edəcək. O, həmçinin bildirib ki, informasiyanın tamlığının qorunması məqsədilə bütün informasiya üçün ehtiyat nüsxə yaradılır. Bu isə informasiyanın bir neçə dəqiqə ərzində bərpa olunmasını mümkün edir.