ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları mətndə məlumatların şifrələnməsi texnologiyasını hazırlayıblar. O, məlumat adi kağızda çap edildikdə belə işləyir. Bunun üçün kodlayıcı proqram ilk ismarıcı ədəd ardıcıllığına çevirir. Sonra bu ədədlər tipik şriftin düzəliş parametrlərinə çevrilirlər.
techcult.ru saytının məlumatına görə, belə yazı insan gözü üçün ən adi mətndir, lakin onu smartfonun kamerası vasitəsilə skan edərək dekodlayıcıdan keçirdikdə kodlaşdırılmış məlumatı əldə etmək mümkün olacaq. Bununla yanaşı, texnologiyanın böyük bir nöqsanı var: kodlaşdırılmış mətn adi mətn redaktorunda açılarsa, o, mətni avtomatik olaraq “düzəldəcək” və bütün işarələri siləcək. Bu, təəssüf doğursa da, digər tərəfdən informasiyanın ələ keçirilməsindən avtomatik mühafizə sistemidir.
Tədqiqatın müəllifləri “Fontcode”un müxtəlif sahələrdə tətbiq edilə biləcəyini qeyd ediblər. Məsələn, onun vasitəsilə əhəmiyyətli sənədlərin çapı üçün su nişanını (bəzi kağız növlərində, xüsusən pul kağızlarında işığa tutduqda görünən nişan) reallaşdırmaq olar. Yaxud korporativ daxili sərəncamın mətninə sənaye casusluğundan qorunmaq üçün yalnız səlahiyyətli əməkdaşların görə biləcəkləri məxfi maddələri daxil etmək olar.