“Əşyaların İnterneti: mövcud vəziyyəti, problemləri və həlli yolları” mövzusunda məruzə dinlənildi 2018-04-06 16:38:00 / ELMİ İCLASLAR

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov “Əşyaların İnterneti” sahəsində aparılan araşdırmaların elmi-nəzəri nəticələri haqqında olan məruzəsini təqdim etdi.  

M.Həşimov Əşyaların İnternetinin (Əİ) yaranması və inkişaf tarixi haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, ilk dəfə “Əşyaların İnterneti” ifadəsi Kevin Aşton tərəfindən işlədilmişdir. Bu termin 2005-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqının analitiklər qrupunun İnternetin vəziyyətinə həsr olunmuş hesabatında işlədildikdən sonra isə diqqəti cəlb etməyə başlamışdır. 2010-cu ildə şəbəkəyə qoşulmuş əşyaların sayı (12,5 milyard) tarixdə ilk dəfə dünya əhalisinin sayını (6,8 milyard) keçmişdir.

Əİ-nin tətbiq sahələrindən danışan məruzəçi onun kənd təsərrüfatı, neft, qaz sektoru, ticarət mərkəzləri, mənzillərdə və s. tətbiq olunduğunu vurğuladı.

M.Həşimov Əİ-nin arxitekturasından söz açaraq onun sensor, şəbəkə, tətbiqi səviyyələrinin olduğunu vurğuladı. Qeyd etdi ki, sensor səviyyəsinin əsas məqsədi sensorların köməyi ilə fiziki aləmdən məlumatları toplamaq və mübadilə etməkdən, şəbəkə səviyyəsinin vəzifəsi sensor səviyyəsi tərəfindən toplanmış məlumatları qəbul etmək və həmin məlumatları Əİ qurğularına və tətbiqlərinə ötürmək üçün inteqrasiya olunmuş şəbəkələr vasitəsilə marşrutları müəyyən etməkdən ibarətdir. Tətbiqi səviyyə isə şəbəkə səviyyəsindən ötürülən məlumatları alır, lazımi xidmətləri və əməliyyatları təmin etmək üçün həmin məlumatlardan istifadə edir.

O, sensor şəbəkələri, bu səviyyədə istifadə olunan avadanlıqlar, müasir mobil cihazların sensorları, şəbəkə səviyyəsində və Əİ-də istifadə olunan standartlar haqqında danışdı.

Məruzəçi həmçinin, Əİ arxitekturasının hər bir səviyyəsinə aid olan problemlər barədə məlumat verdi. Bildirdi ki, sensorların məhdud enerjiyə malik olması, fiziki cəhətdən təhlükəyə məruz qalması, elektron tullantıların artması və s. sensor səviyyənin çatışmazlıqlarıdır. Əİ-də şəbəkə standartları ilə bağlı ümumi bir mexanizmin olmaması, şəbəkəyə kənardan müdaxilə etməklə qovşaqların sıradan çıxarılmasının mümkünlüyü və s. şəbəkə səviyyəsinin problemləridir. Tətbiqi səviyyənin problemlərinə isə böyük kütləvi məlumat axınının adi serverlərdə saxlanması, duman texnologiyalarından (Fog Computing) səmərəli istifadə olunması üçün tətqiqatlara ehtiyac olması və s. aiddir.

Sonra M.Həşimov Əİ-nin çatışmazlıqlarından söz açdı. Bildirdi ki, buraya hazırda avadanlıqların nişanlanması və monitorinqi üçün heç bir beynəlxalq standartın mövcud olmaması, texnologiyanın inkişafı ilə gündəlik fəaliyyətlərdə insan müdaxiləsinin azalaraq Əİ-nin istifadəsi ilə avtomatlaşdırılması, həyatımızın getdikcə texnologiyanın nəzarəti altına alınması və başqa amillər aiddir.

Daha sonra Əİ-nin təhlükəsizliyindən danışan məruzəçi onun cihazlarının 70%-nə hücum etməyin çox asan olduğunu, buna görə də, İnternetə qoşulmuş cihazları hücumlara qarşı təmin etmək üçün səmərəli bir mexanizmə ehtiyac yarandığını diqqətə çatdırdı.

Sonda məruzəçi Əİ sahəsində keçirilən konfranslar və dərc olunan jurnallar haqqında məlumat verdi, Əİ-nin “Cisco” şirkətinin əşyalarının artım proqnozunu təqdim etdi. Həmçinin, Əİ və Duman, Əİ və Şeh, Əİ və Big Data, Bulud və Duman texnologiyalarından danışdı.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

 

Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024