İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzi və Elmi Tədqiqatlar Mərkəzinin açılışı oldu 2014-12-05 11:19:28 / KONFRANSLAR

Dekabrın 4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzinin və Elmi Tədqiqatlar Mərkəzinin rəsmi açılış mərasimi keçirildi. Mərasimdə AMEA prezidenti, akademik Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, AMEA İnformasiya Texnologiyaları  İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, KİV nümayəndələri iştirak edirdilər.

 

AMEA prezidenti Akif Əlizadə əvvəlcə Elektron Kitabxana Mərkəzinin açılışını bildirən rəmzi lent kəsdi. Sonra qonaqlar elektron kitabxana, burada oxucular üçün yaradılan şəraitlə tanış oldular.

 

Akademik Rasim Əliquliyev qonaqlara elektron kitabxana haqqında ətraflı məlumat verərək, onun müasir standartlara cavab verdiyini, ən müasir texniki avadanlıqlarla təchiz olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün Mərkəzdə 3M texnologiyasından istifadə olunur. Burada sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan "Exlibris" şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur. Resursların təsnifatı və predmetləşdirilməsi ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.

 

Sonra qonaqlara Elektron Kitabxana Mərkəzinin fəaliyyəti və burada həyata keçirilən layihələri əks etdirən təqdimat nümayiş etdirildi.  

 

AMEA prezidenti Akif Əlizadə daha sonra institutun Elmi Tədqiqatlar Mərkəzinin açılışını bilidrən rəmzi lent kəsdi. Qonaqlar ən müasir avadanlıqlarla təchiz olunmuş Mərkəzdə əməkdaşlar üçün yaradılan şəraitlə tanış oldular. Akademik Rasim Əliquliyev Mərkəzdə faəliyyət göstərən şöbələrin elmi fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verdi. Bildirdi ki, burada informasiya cəmiyyətinin elmi-nəzəri problemləri, İnternetşünaslığın multidistiplinar aspektləri, informasiya təhlükəsizliyi, informasiya iqtisadiyyatının, e-elmin formalaşması problemləri və s. istiqamətlərdə elmi araşdırmalar aparılır.

 

Qonaqlar institutun yüksək texnologiyalar və müasir avadanlıqlarla təchizini, əməkdaşlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirdilər. Qeyd etdilər ki, bu, əməkdaşların fəaliyyətinin səmərəliyi və məhsuldarlığının artırılmasına xidmət edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024