Almaniyanın “Siemens” şirkətinin mütəxəssisləri Kaliforniyanın “Hackrod” şirkətinin ekspertləri ilə birlikdə ilk dəfə olaraq, üçölçülü printerdə avtomobil çap ediblər.
nanonewsnet.ru saytının məlumatına görə, “La Bandita” adlanan avtomobilin layihələndirilməsi zamanı ən müasir texnologiyalardan istifadə olunub: mühəndislər kuzovu virtual reallıqda layihələndirib, bütün hesablamalar və ilkin sınaqlar isə süni intellekt tərəfindən aparılıb.
Layihə müəlliflərinin sözlərinə görə, metal və alüminiumdan hazırlanan avtomobil hər kəsin arzuladığı avtomobili müstəqil hazırlayacağı gələcəyə doğru atılan ilk addımdır.
“La Bandita” idman avtomobili bir nümunədə istehsal edilsə də, layihə müəllifləri qeyd ediblər ki, 3D-çap istehsal xətlərində standart yığımla müqayisədə bir sıra üstünlüklərə malikdir. Məsələn, avtomobil detallarına və müxtəlif korpus elementlərinə asanlıqla düzəlişlər etmək mümkündür. Bunun üçün yalnız kompüter modelinə düzəlişlər edərək çapa vermək tələb olunur.
“Hackrod” və “Siemens” şirkətləri gələcəkdə sifarişçilərin istək və tələblərinə uyğun avtomobillərin istehsalını planlaşdırırlar.