Sözləri jest dilinə çevirən mexaniki əl yaradılıb 2018-03-28 15:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Alimlər tələffüz edilən sözləri jest dilinə çevirən mexaniki əl yaradıblar. İdeya müəllifi Ervin Smit bildirib ki, yeni qurğu eşitmə məhdudiyyətli insanların həyatını dəyişdirəcək və onların şəxsi tərcüməçisi olacaq.

hightech.fm saytının məlumatına görə, qurğunun iş prinsipi sadədir: o, insan nitqini qəbul edir, onu mətnə çevirərək bütün dillər üçün yenilənmələrin mövcudluğunu yoxlayır. Bundan sonra robot söylənmiş cümlələri jest dili ilə ifadə edə bilir.

Alimlər mexaniki əlin 3D-printer vasitəsilə yaradıla biləcəyini və bu zaman onun qiymətinin 400 funtu ötməyəcəyini qeyd ediblər. “Bizim hazırladığımız mexaniki əl hazırda dünya və eşitmə məhdudiyyətli insanlar arasındakı baryerin aradan qaldırılmasına kömək edə bilər. Ucuz və etibarlı qurğunu müxtəlif dillərdə proqramlaşdırmaq mümkündür”.

İstehsalçılar həmçinin bildiriblər ki, əvvəlcə onlar ələ simvolları göstərməyi öyrətməyə çalışıblar, yalnız bundan sonra jest dili ilə bağlı ideya meydana çıxıb. Bunun üçün onlar qurğuya 16 oynaq tətbiq ediblər. Smit və onun tələbələri mexaniki əlin jest dilindən istifadə edən 70 milyondan çox eşitmə məhdudiyyətli insana kömək edəcəyinə ümid edirlər.

 

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024