“Hewlett Packard” şirkəti tibb müəssisələrinin spesifik tələbatları nəzərə alınaraq hazırlanan xüsusi kompüter texnikasını təqdim edib.
hi-news.ru saytının məlumatına görə, kompüter qurğularının materialları uzun müddət ərzində antiseptik vasitələrlə gündəlik təmizlənməyə davamlıdır. Bundan başqa, xüsusi “HP Easy Clean” proqram təminatı təmizləmə zamanı klaviatura, sensor ekran və sensor paneli tez bloklamağa imkan verir.
İstehsal xətti bir neçə qurğudan – “HP EliteBook 840 G5 Healthcare Edition” noutbuku, “HP EliteOne 800 G4 23.8 Healthcare Edition” monobloku və “HP Healthcare Edition HC270CR” monitorundan ibarətdir. Kompüterlərin hamısı autentifikasiyanı bir giriş nöqtəsi vasitəsilə dəstəkləyən “RFID” oxuyucu qurğuları ilə təchiz edilib. Həmçinin noutbuk və monoblok avtorizə edilmiş tibbi heyətin tanınması üçün biometrik autentifikasiya funksiyasına malikdir. Qeyd edilən texnologiyalar pasiyentlər haqqında məlumatların mühafizəsinə imkan verir.
“HP EliteBook 840 G5 Healthcare Edition” noutbuku, həmçinin ekran məlumatlarını kənar baxışlardan qoruyan 4-cü nəsil “HP Sure View” sisteminə malikdir. Bundan əlavə, monoblokda ikitərəfli çıxarılabilən kamera quraşdırılıb. Yeni tibbi qurğuların cari ilin may-iyun aylarında Avropa ölkələri ərazisində satışa çıxarılacağı gözlənilir.