Cənubi Koreyanın “Samsung” şirkəti süni intellekt sahəsində bir neçə layihəsi haqqında məlumat verib. Eksperimental “C-Lab” laboratoriyasının əməkdaşlarının üzərində işlədikləri layihələrdən biri də ev üçün holoqrafik virtual köməkçinin hazırlanmasıdır.
hitech.newsru.com saytının məlumatına görə, “Aurora” adlı sistem mobil proqram və xüsusi qurğudan ibarətdir. İstifadəçi smartfonunu bu aparata yerləşdirdikdə o, enerji toplayır və qeyri-adi dok-stansiyanın daxilində humanoid köməkçini əks etdirən psevdoholoqram meydana çıxır.
“Aurora” istifadəçinin müxtəlif sorğularını anlaya, dialoq qura, predmetlərin psevdoholoqramını yarada və zəngləri qəbul edə bilir. O, həmçinin smartfonun kamerası vasitəsilə jest və emosiyaları tanıyaraq, virtual sifətin mimikasının köməyilə reaksiya verir.
İstehsalçıların sözlərinə görə, layihənin məqsədi təbii ünsiyyət saxlamağın mümkün olduğu köməkçi yaratmaqdan ibarətdir. Holoqrafik köməkçidən müxtəlif smartfon modellərinin sahibləri istifadə edə biləcəklər.
“C-Lab”ın “Aurora” layihəsi və süni intellekt sahəsində digər layihələrinin martın 9-dan 18-dək ABŞ-ın Texas ştatının Ostin şəhərində keçiriləcək “SXSW” konfransında təqdim ediləcəyi gözlənilir.