Yeni sistem kardioloqları əvəz edəcək 2018-02-28 11:00:00 / MARAQLI MƏLUMATLAR

“Google” şirkəti uzun müddətdir ki, tibb sahəsində müasir texnologiyaların tətbiqinə böyük maraq göstərir. Belə ki, daha əvvəl şirkətin mütəxəssisləri şəbəkənin insanların gözlərinin şəkilləri üzrə diabetik retinopatiyanın (göz damarlarının zədələnməsi) olub-olmadığını bilməsi üçün xüsusi alqoritmlərdən istifadə etməyi təklif ediblər.

meddaily.ru saytının məlumatına görə, ekspertlər hesab edirlər ki, artıq süni intellekt insanın infarkt və ya digər ürək-damar xəstəlikləri ilə rastlaşması riskini müəyyən edə bilər. Belə ki, “Google”un neyroşəbəkəsi proqrama yüklənmiş tibbi məlumatlarla əldə olunmuş informasiyanı müqayisə edərək, pasiyentin gözünün qan damarlarının təsvirini emal edə bilər.

İnformasiyanın emalını daha da sürətləndirmək üçün neyroşəbəkə, həmçinin pasiyentin tibbi kartına yazılmış müalicə və diaqnostikanın nəticələrindən istifadə edə bilər. Məsələn, damarların vəziyyətinin yoxlanılması və xəstəliklərin proqnozlaşdırılması zamanı ürək-damar sisteminə mənfi təsir edən amillər (daha əvvəl keçirilmiş xəstəliklər, zərərli vərdişlər və s.) haqqında məlumatlardan istifadə etmək mümkündür. İstehsalçılar neyroşəbəkənin növbəti 5 il ərzində sağlamlıqla bağlı problemləri 70 faiz dəqiqliklə proqnozlaşdıracağını bildiriblər.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024