İsveç alimləri insanın ölümündən sonra onun elektron surətini yaratmağa imkan verəcək texnologiya yaradırlar. Dünyasını dəyişmiş insanla onun rəqəmsal versiyasının yüklənəcəyi platforma vasitəsilə “ünsiyyət saxlamaq” mümkün olacaq.
popmech.ru saytının məlumatına görə, tədqiqatçılar tərəfindən yaradılmış neyroşəbəkə nitqi tanıyır, sualı “anlayır” və bazada ona uyğun cavab axtarır. Baza mərhumun həyatda olarkən düşündüklərindən ibarətdir. Hazırda istehsalçılar belə baza yaratmaq üçün bütün həyatı boyunca öz səsini yazmağa və fikirlərini təhlil etməyə imkan verəcək könüllüləri axtarırlar.
“Əvvəlcə biz müştərilərimizin dəfnlərin təşkili haqqında suallarına cavab verən nitq proqramını yaratdıq. Bu bizi insanın elektron surətini – mərhumun səsinə oxşar səslə danışacaq robotu hazırlamağa vadar etdi”, – deyə Stokholmun “Feniks” dəfn bürosu şəbəkəsinin rəhbəri Dagen Şarlotta Runius bildirib.
Şəxsin rəqəmsal surəti mərhumun yaşayarkən tanış olmadığı insanlar, hadisə və vəziyyətlər haqqında suallara cavab verə bilməyəcək. İsveç proqramçılarının planları yalnız mərhumla ünsiyyəti təqlid edə biləcək nitq proqramının yaradılması ilə məhdudlaşmır. Növbəti mərhələdə vizual olaraq insana bənzəyəcək robotun hazırlanması nəzərdə tutulur.