AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarda şöbə müdiri Anar Səmidov fraktal qrafika sahəsində apardığı araşdırmalara dair məlumat verdi. Bildirdi ki, kompüter qrafikasının rastr, vektor, fraktal kimi növləri mövcuddur.
Məruzəçi fraktal qrafikanın ayrı-ayrı hissələrdən ibarət olduğunu söyləyərək, fraktal qrafikaya təbiət hadisələrində də rast gəlindiyini vurğuladı. Onun riyazi əsasının fraktal həndəsədən ibarət olduğunu, burada vərəsəlik prinsipi üzərində "valideynlərin" həndəsi xassələrinin obyektlərə keçdiyini diqqətə çatdırdı.
A.Səmidov memarlıq sahəsində də fraktallar nəzəriyyəsindən istifadə edildiyini bildirdi. Buraya London körpüsü, Eyfel qülləsi, Paris opera binası, Müqəddəs Pyotr kilsəsi və s. kimi nümunələrin aid olduğunu vurğuladı.
O, həmçinin, fraktal həndəsə sahəsində fəaliyyət göstərən Mandelbrot, Corc Kantor (George Cantor), Nils Fabian (Niels Fabian) və başqaları haqqında məlumat verdi.
Sonda mövzu ətrafında geniş müzakirələr aparıldı. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyevbu mövzuda riyazi üsulların tətbiqindən istifadə edərək elmi fəaliyyətin dərinləşdirilməsini, mütəmadi olaraq şöbə seminarlarının keçirilməsini tövsiyə etdi.