Saniyədə 75 hərəkət icra edən delta-robot hazırlanıb 2018-02-22 12:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

Harvard Universitetinin tədqiqatçıları öz sinfinin ən kiçik, sürətli və dəqiq nümayəndəsi olan yeni robot hazırlayıblar. “milliDelta” adlı qurğu saniyədə 75 hərəkət icra edə bilir. İstehsalçılar onun bir çox sahələrdə (kiçik plataların yaradılması üçün quraşdırılma xətlərində, mikrocərrahiyyə əməliyyatlarında və s.) öz tətbiqini tapa biləcəyini qeyd ediblər.

popmech.ru saytının məlumatına görə, “milliDelta” 1980-ci illərdə ixtira edilmiş və əsasən, qablaşdırma, çeşidləmə və s. ilə məşğul olan zavodlarda tətbiq edilən delta-robotlar sinfinə aiddir. O, digər delta-robotların əksəriyyətindən fərqli olaraq, ənənəvi elektrik mühərriklərindən deyil, pyezoelektrik ötürücülərdən istifadə edir.

Müəlliflər bildiriblər ki, delta-robotların əksəriyyəti bir neçə hers tezliyə malikdir. Yəni onlar saniyədə bir neçə hərəkət icra edə bilirlər. “milliDelta” isə 75 hers tezliyə malikdir ki, bu da onun analoqlarının tezliklərindən təxminən 15-25 dəfə çoxdur. Robotun ölçüləri 15 mm x 15 mm x 20 mm, çəkisi isə 430 mq təşkil edir.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024