“Google” və onun tibbi texnologiyalar üzrə ixtisaslaşmış “Verily” adlı törəmə şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış alqoritm gözün torlu qişasının şəkillərinin təhlili əsasında insanda ürək xəstəliklərinin yaranma riski barədə öncədən xəbər verə bilir.
hitech.newsru.ru saytının məlumatında bildirilir ki, təklif edilmiş metod qan analizinə əsaslanan mövcud testlərlə eyni proqnozlaşdırma dəqiqliyinə malikdir. Mütəxəssislər alqoritmin təlimi üçün təxminən 300 min pasiyentin gözünün torlu qişasının şəkilləri və tibbi göstəricilərindən ibarət bazadan istifadə ediblər. Bu məlumatlar əsasında proqram torlu qişanın təsvirləri üzrə insanın yaşı, onun qan təzyiqi, həmçinin siqaret çəkib-çəkmədiyini müəyyənləşdirməyi öyrənib. Bu məlumatlar ümumilikdə ürək xəstəliklərinin inkişaf riski barədə fikir yürütməyə imkan verir.
Şirkət nümayəndələrinin sözlərinə görə, gələcəkdə “Google”un alqoritminin tətbiqi həkimlərin işini asanlaşdıra bilər. Lakin öncə bu metod daha dəqiq yoxlamadan keçməlidir.