Bu, gələcəkdə süni intellekt üçün nə ifadə edə bilər?
Qurdlar çox zaman insanlara şüursuzca hərəkət edən primitiv varlıqlar kimi görünürlər. Alimlər isə məhz onların bu hərəkətinə bənzər rəqəmsal beyin yaratmağa nail olmaq istəyirlər.
nanonewsnet.ru saytının məlumatına görə, alimlər daha mürəkkəb varlıqların beyninin rəqəmsal surətini yaratmağı da planlaşdırırlar, lakin bu işə ilk olaraq qurdlardan başlayıblar. Bu yaxınlarda tədqiqatçılar ilk dəfə “Caenorhabditis elegans” qurdunun beyninin rəqəmsal surətini yaratmağa və onu robotu idarə edən çipə yerləşdirməyə müvəffəq olublar.
Təəccüblüdür, lakin robot işə salındıqdan sonra heç bir idarəetmə olmadan müstəqil hərəkət etməyə başlayıb, onun davranışı qurdun davranışını xatırladıb. Bunun necə baş verməsi, əldə olunmuş nəticələrin sınaqlar zamanı necə istifadə olunacağı və ya bu üsul vasitəsilə insan beyninin deşifrə olunub-olunmayacağı hələ ki, məlum deyil.