Çinin “Bank of China Hong Kong” bankının bankomatlarında barmaq damarlarının naxışı vasitəsilə autentifikasiya tətbiq ediləcək. Sistem istifadəçinin barmaq damarlarının naxışının identifikasiyası və skan edilməsi, həmçinin onun sistem faylında saxlanılan nümunə ilə müqayisəsi üçün yaxın infraqırmızı diapazonda işləyən işıq diodundan istifadə edir. Müştərilər yalnız bir dəfə qeydiyyatdan keçməlidirlər ki, sistem onların damar naxışlarını “yadda saxlasın”.
psm7.com saytının məlumatına görə, yeni autentifikasiya sistemi təhlükəsiz və etibarlı hesab edilir. Çünki hər bir insanın barmaq damarlarının naxışı unikaldır, zamanla dəyişmir və onu təqlid etmək olduqca çətindir. Bundan başqa, Çin bankı tərəfindən istifadə edilən skanerlər, hətta istifadəçinin dərisi zədələndikdə belə işləyəcək.
Artıq 10 min müştəri yeni autentifikasiya sistemindən istifadə üçün qeydiyyatdan keçib. Sistem hələ ki, yalnız adi altırəqəmli şifrələrə əlavə olacaq.