“Doxel” startapı tikintilərə müstəqil nəzarət etmək imkanına malik robot hazırlayıb. Robot çertyojlarla uyğunsuzluqlar aşkar etdikdə səhv haqqında mühəndisə dərhal məlumat verəcək.
Robotun yaradıcıları artıq 4,5 milyon dollar investisiya toplaya biliblər. Son sınaqlar nəticəsində aydın olub ki, bu robot çatışmazlıqlar haqqında insanları vaxtında məlumatlandıraraq tikinti işlərini demək olar ki, 40 faiz sürətləndirəcək.
hi-news.ru saytının məlumatına görə, bu robot bənnalar tərəfindən buraxılmış səhvlərin düzəlişindən əlavə, tikintinin tamamlanma müddətindən kənaraçıxmaların qarşısını almaqda kömək edə bilər. Startapın hazırladığı süni intellekt yerinə yetirilmiş işləri, büdcəni və qoyulmuş son müddəti müqayisəli təhlil edir, bundan sonra isə işin optimal tempini təyin etməyə kömək edir.
“Doxel” robotu qabaqcadan müəyyən olunmuş marşrut üzrə getmək və nərdivanları qalxa bilmək imkanına malikdir. Buna görə də, bu robotlar nahar zamanı və ya gecə inşaat obyektlərini müstəqil olaraq gəzəcək və əldə olunmuş məlumatlar əsasında tam hesabat təşkil edəcəklər.