İlk robot-satıcı Pepper Şotlandiyanın paytaxtı Edinburqda yerləşən “Margiotta Food & Wine” ərzaq mağazasının müştərilərinə xidmət edərkən vəzifəsinin öhdəsindən gələ bilməyib.
vladtime.ru saytının məlumatına görə, Yaponiyanın “SoftBank” şirkəti robot-satıcını alıcılara xidmət etməsi üçün xüsusi olaraq hazırlayıb. “Margiotta Food & Wine” mağazasının rəhbərliyi robotu əldə edərək onu müəssisənin ticarət zalında quraşdırıb. Lakin cəmi 7 gün sonra robot işdən çıxarılıb. Pepperin fəaliyyəti rəhbərliyi qane etməyib. Belə ki, o, insanlara məsləhət verə, həmçinin ticarət zalında səs-küy olduqda alıcıları eşidə bilməyib. Bəzi müştərilər Pepperin yersiz zarafatlar etməyə çalışmasından şikayət ediblər.
Xatırladaq ki, robot-satıcı təxminən 3 il əvvəl hazırlanıb. Pepper tənha insanların ünsiyyət qurma ehtiyaclarının təmin olunması üçün nəzərdə tutulub. Robotun katib və satıcıları əvəz edəcəyi planlaşdırılırdı.