Son dərəcə təhlükəsiz kompüter yaradılıb 2017-12-26 12:00:00 / TEXNOLOJİ YENİLİKLƏR

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat Layihələri Agentliyi (Defense Advanced Research Projects Agency – DARPA) son dərəcə təhlükəsiz kompüterin yaradılmasına qrant ayırıb. Qrantı aparat komponentlərinin yaradılmasına yeni yanaşma təklif etmiş Miçiqan Universiteti alıb.

cnews.ru saytının məlumatına görə, Miçiqan Universiteti aparat səviyyəsində haker hücumlarına qarşı son dərəcə dayanıqlı olan kompüter yaratmaq üçün DARPA-dan 3,6 milyon məbləğində qrant alıb.

“Morpheus” adlı layihənin ideyası kompüterin proqram və ya aparat təminatına edilmiş istənilən hücum cəhdinin qarşısını almaqdır. “Morpheus” kompüterinin aparat komponentləri müəmmalı bilməcəni xatırladacaq: sistemdə mövcud olan bütün informasiya sürətli və təsadüfi formada müxtəlif komponentlər üzrə yenidən paylaşdırıla bilər.

Miçiqan Universitetinin informatika professoru Tod Ostin bildirib ki, “Morpheus” kompüterinə hücum cəhdləri kubik-rubiki yığmaq cəhdini xatırladacaq, bu halda siz hər dəfə göz qırparkən mən onu yenidən dəyişdirəcəm.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024