Kanadanın Toronto şəhərində “MolecuLight i:X” adlı qurğunun kliniki sınaqlarının birinci mərhələsi başa çatıb. Qurğu adi gözlə görünməyən mikrobları göstərmək üçün nəzərdə tutulub. Belə ki, həkim infeksiyanın bədənin hansı hissəsində olduğunu dəqiq bilərsə, onu daha effektiv müalicə edər.
techcult.ru saytının məlumatına görə, “MolecuLight i:X” insanın bədənində bakteriyaların yerini müəyyən edən qeyri-invaziv əl skaneridir. Əvvəlcə normal işıqlandırma şəraitində yaranın yüksək keyfiyyətli şəkli çəkilir, sonra işıqlar söndürülür və ultrabənövşəyi şüadan istifadə etməklə, həmin şəkil bir daha çəkilir. Ultrabənövşəyi şüa altında sağlam dəri açıq yaşıl rənglə, bakteriyaların koloniyaları isə qırmızı rənglə işıqlanır. İki şəkli müqayisə etdikdə zərərli mikroorqanizmlərin yeri və ölçülərini yüksək dəqiqliklə müəyyən etmək olar. Beləliklə, sağlam toxumalara dəymədən lazımi dərmanları qəbul etmək mümkün olacaq.
Kliniki sınaqlar göstərib ki, həkim “MolecuLight i:X” skanerindən istifadə etməklə, pasiyentin yaralarının sağalmasını 9-10 dəfə sürətləndirə bilər. Çünki o, bakteriyaları görməklə yanaşı, bütovlükdə yaranın sağaldılması prosesini izləyir. Texnologiyanın yaxın zamanlarda Kanada xəstəxanalarında istifadə ediləcəyi gözlənilir.