“Gfycat” maşın təlimindən istifadə edərək bulanıq gif-təsvirlərin keyfiyyətini yaxşılaşdıran neyron şəbəkə yaradıb. Proqram İnternetdə GIF-faylın götürüldüyü videonun orijinal versiyasını axtarır və hansı hissənin animasiyaya çevrildiyini müəyyənləşdirmək üçün onu təhlil edir. Sonra neyron şəbəkə həmin GIF-faylın daha yüksək keyfiyyətli versiyasını yaradır və onu şəbəkəyə yerləşdirir. Beləliklə, keyfiyyətli təsvirlərin yayılmasına imkan yaradır.
futurist.ru saytının məlumatına görə, “Gfycat”ın süni intellekti animasiyalaşdırılmış təsvirdə şriftin keyfiyyətini də yaxşılaşdırır. Neyron şəbəkənin daha bir funksiyası animasiyalarda yer alan tanınmış şəxslərin sifətlərinin tanınması və belə təsvirlərə onların adlarının qeyd edildiyi teqlərin avtomatik yerləşdirilməsidir. Artıq alqoritmin təxminən 2 milyon GIF-faylı emal etdiyi bildirilib.