Merilend Universitetinin alimləri zədələnmiş rəqəmsal təsvirlərə düzəlişlərin geniş spektrini tətbiq etməyə imkan verən süni neyron şəbəkələri əsasında yeni alqoritm hazırlayıblar. Tədqiqatçılar alqoritmi sınaqdan keçirmək məqsədilə yüksək keyfiyyətli təsvirləri qəsdən zədələdikdən sonra onları bərpa etmək üçün həmin alqoritmdən istifadə ediblər. Əksər hallarda alqoritm təsvirləri əvvəlki vəziyyətinə qaytararaq rəqib metodları üstələyib.
aiportal.ru saytının məlumatına görə, smartfonun kamerası ilə çəkilmiş şəkillər, tibbi müayinələrdə tətbiq edilən rəqəmsal təsvirlər informasiyanın ötürülməsində mühüm rol oynayır. Lakin onlar bulanıqlıq, yanlış rəng ötürülməsi və s. kimi bir çox çatışmazlıqlara meyillidir. Yeni alqoritm təsvirin ideal görünməsi üçün səhvləri aradan qaldıra bilir.
Mütəxəssislər alqoritmi süni neyron şəbəkələri ilə bağlı tədqiqatlar üçün geniş istifadə edilən yüksək keyfiyyətli, zədələnməmiş təsvirlərdən ibarət olan böyük məlumat bazasının köməyilə “öyrədiblər”. Alqoritm böyük həcmli məlumatları qəbul edə və təsvirləri təyin edən mürəkkəb parametrləri (tekstur, rəng, işıq, kölgə və s.) aşkar edə bildiyi üçün zədələnməmiş ideal təsvirin necə görünməli olduğunu öncədən müəyyənləşdirir. Bunun sayəsində alqoritm həmin ideal parametrlərdən sapmaları tanıya və çatışmazlıqları aradan qaldıraraq, onlara düzəliş edə bilir.