Çinin Quançjou şəhəri qadın və uşaqlar tibb mərkəzi süni intellekt əsasında “Ayı balası Mimu” adlı virtual həkim hazırlayıb. O, 2 milyona yaxın xəstəlik tarixçəsini öyrənməklə, hazırda 32 xəstəlik növünə diaqnoz qoya bilir. Bundan başqa, 24 növ xəstəliyin diaqnozlaşdırılmasının dəqiqlik əmsalı 90 faizi üstələyir.
belta.by saytının məlumatına görə, virtual həkimdən smartfon və ya kompüter vasitəsilə məsləhət almaq mümkündür. Bunun üçün “Ayı balası Mimu”nun bədəninin problemlərin olduğu hissəsini sıxaraq simptomları seçmək lazımdır. Sonra virtual həkim ilkin diaqnoz qoyaraq xəstəxanaya müraciətlə bağlı məsləhətlər verəcək. Bildirilir ki, mütəxəssislər tərəfindən “Ayı balası Mimu”nun xəstələrin və xəstəxana heyətinin istifadəsi üçün versiyaları istehsal edilib.
Tibb mərkəzinin kliniki məlumatlar şöbəsinin rəhbəri Lyan Hueyinin sözlərinə görə, hazırda “Mimu” təcrübə mərhələsindədir. İş zamanı ona xəstəxananın real həkimi kömək edir. Proqram xəstələrin simptomlarını müəyyənləşdirdikdən sonra həkim proqram tərəfindən əldə olunan məlumatları onlayn rejimdə “Doğru”, “Orta” və ya “Yanlış” düymələrini sıxmaqla qiymətləndirir.
Gələcəkdə süni intellektə malik virtual həkimin 73 növ xəstəliyi diaqnozlaşdırmağı öyrənəcəyi, eləcə də xəstələrlə ünsiyyət qura biləcəyi planlaşdırılır.