“Ericsson Mobility Report”un bu yaxınlarda təqdim etdiyi hesabata əsasən, 6 il sonra 1 milyard insan 5G texnologiyasından istifadə edəcək. “LTE” şəbəkəsinin əhatə dairəsi isə 85%-ə yaxınlaşacaq.
hightech.fm saytının məlumatına görə, öncə daha sıx məskunlaşmış şəhər və rayonlarda tətbiq ediləcək texnologiya 2023-cü ilin sonunadək dünya əhalisinin 20%-i tərəfindən istifadə ediləcək. 2019-cu ildə isə 5G texnologiyasına əsaslanan ilk kommersiya şəbəkələri əlçatan olacaq, 2020-ci ildən isə sözügedən texnologiya geniş yayılacaq. İlk olaraq ABŞ, Cənubi Koreya, Yaponiya və Çin sakinləri bu rabitə protokolunun üstünlüklərindən istifadə edə biləcəklər.
Proqnozlara görə, həmin dövrdə mobil məlumatların trafiki 8 dəfə artacaq və 2023-cü ilədək ayda 110 eksebayta yaxınlaşacaq. Bu, HD formatında 5,5 milyon il videoyayım deməkdir. Trafik artımı bütün regionlarda nəzərə çarpacaq. Lakin Şimali Amerikada 2017-ci ilin sonunadək smartfonda aylıq orta göstərici 7 Gb-ı ötəcək.
Mobil trafikin həcminin yüksəlməsi video istehlakını artırmağa davam edir. Video formatı yeni texnologiyalarla (məsələn, 360 dərəcəlik baxış) vəhdətdə sərf edilən məlumatların həcmini bir neçə dəfə artıracaq.