Yaponiyanın “SoftBank” telekommunikasiya korporasiyasına aid olan ABŞ-ın “Boston Dynamics” şirkəti vaxtaşırı robotların yeni versiyalarını təqdim etməklə öz fəaliyyətinə diqqət cəlb edir. Kiçik, dördayaqlı “SpotMini” robotu ilk dəfə 2016-cı ildə təqdim olunmuşdur. O, 2015-ci ildə nümayiş etdirilmiş “Spot” robotunun təkmilləşdirilmiş versiyası idi. “SpotMini” əl-manipulyatorunun köməyi ilə sadə məişət məsələlərini yerinə yetirə bilirdi.
Şirkət bu yaxınlarda “SpotMini”nin yeni versiyasını təqdim edib. Parlaq sarı rəngə rənglənmiş robot öz sələflərinin daha təkmilləşdirilmiş versiyasıdır. Konstruksiya və mexanizmlərin daxili elementlərini dekorativ panellər örtür. Yeni robotun hərəkətləri daha səlis və mükəmməldir.
naked-science.ru saytının məlumatına görə, yeni nəsil robotun imkanları haqqında hələ ki, geniş məlumat verilməyib.
Qeyd edək ki, “Boston Dynamics” şirkətinin əsası 1992-ci ildə Massaçusets Texnologiya İnstitutunun robot texnikası üzrə mühəndislər qrupu əsasında mütəxəssis Mark Raybert tərəfindən qoyulmuşdur. Şirkətin sifarişçilərindən biri də müdafiə-tədqiqat şirkəti “DARPA” olmuşdur.