Yeni Zelandiyalı proqramçı Nik Hirritsen tərəfindən ilk virtual qadın siyasətçi yaradılıb. SAM botu seçicilərlə “Facebook”un “Messenger” proqramı vasitəsilə ünsiyyət qurur. İstehsalçı onun prototipinin 2020-ci ildə keçiriləcək seçkilərdə iştirakını planlaşdırır.
dni24.com saytının məlumatına görə, SAM onu digər siyasətçilərdən fərqləndirən xüsusiyyətlərdən bəhs edir. Öz üstünlüklərindən danışan bot seçicilərinin xahişlərinin heç vaxt unudulmadığını və virtual yaddaşda saxlanıldığını bildirir. Bundan başqa, hər bir insanın fikrini qəbul etdiyini, qoyulmuş məsələlərin şəxsi maraq və öncədən formalaşmış rəy olmadan həll edildiyini söyləyir.
Bildirilir ki, proqramın yazılması zamanı süni intellekt texnologiyalarından istifadə edilib. Beləliklə, bot bu texnologiya sayəsində həmsöhbəti ilə birlikdə inkişaf edəcək. SAM sual və cavabları yadda saxlayır, həmsöhbətlərinin yazdığı sözləri təhlil edir.