ABŞ-ın Dərman Preparatları və Qida Məhsullarının Keyfiyyətinə Nəzarət üzrə İdarəsi tarixdə ilk dəfə mikroçiplə təchiz edilmiş elektron dərmanın satışına icazə verib. “Ağıllı” həb təyin edilmiş dərmanların qəbulunun pasiyentə uyğun olub-olmamasını müəyyən etməyə imkan verən kiçik sensora malikdir.
hitech.vesti.ru saytının məlumatına əsasən, “Abilify MyCite” dərmanları “Otsuka Pharmaceutical” və “Proteus Digital Health” şirkətləri tərəfindən hazırlanıb. Mədədə mayelərin təsiri altında aktivləşən “ağıllı” həb pasiyentə adi dərmanları qəbul etməyi xatırladır, orqanizmin onlara reaksiyasını araşdırır, insanın hərəkətlərini izləyir və bütün informasiyanı mobil telefona göndərir.
İdarənin nümayəndəsi Metis Mitçellin sözlərinə görə, yeni dərman xüsusilə psixi pozğunluqlardan əziyyət çəkən insanların dərmanların qəbuluna riayət etməsi baxımından çox effektiv ola bilər. Eyni zamanda “ağıllı” həblər gizliliklə bağlı bir çox suallar doğurur. Onlar faktiki olaraq, xüsusi örtüyün daxilində yerləşdirilmiş mikroçipdən ibarət olduğuna görə elektron həbləri “sındırmaq” mümkün ola bilər. Bu səbəbdən istifadəçinin sağlamlıq vəziyyəti haqqında məlumatı üçüncü şəxslər, həmçinin sığorta şirkətləri asanlıqla əldə edə bilərlər.
“Abilify MyCite” həblərini qəbul edən pasiyentlər onları müalicə edən həkimin toplanan məlumatları görə bilməsinə razılıq verməlidirlər. Həmçinin onlara bu informasiyanı ailə üzvləri daxil olmaqla, üçüncü şəxslərlə paylaşmağın lazım olub-olmaması ilə bağlı seçim imkanı veriləcək.