Cənubi Kaliforniya Universitetinin mütəxəssisləri inqilabi beyin implantatı hazırlayıblar. O, beyinin öyrənmə və yaddaşla bağlı sahəsini stimullaşdırır. İmplantat sayəsində təcrübə iştirakçıları yaddaşla əlaqədar tapşırığın öhdəsindən daha yaxşı gəliblər.
meddaily.ru saytının məlumatına görə, tədqiqatda epilepsiyadan əziyyət çəkən və beynində yaddaş mərkəzinə yönəldilmiş elektrodlar olan 20 şəxs iştirak edib. Könüllülər qısamüddətli yaddaşa dair tapşırığı yerinə yetiriblər. Məşqdən sonra alimlər tapşırığın icrası prosesində iştirakçıların neyronlarının fəallığının modelini yaradıblar.
İştirakçılar tapşırığı ikinci dəfə yerinə yetirdikdə tədqiqatçılar modelə əsaslanaraq, implantatın köməyilə onların beynini stimullaşdırıblar. Tədqiqat nəticəsində məlum olub ki, iştirakçılar beyinin stimulyasiyası sayəsində tapşırığın öhdəsindən 30 faiz daha yaxşı gəliblər. Mütəxəssislər yeni metodun yaddaş pozulması müşahidə edilən insanlara kömək edəcəyinə əmindirlər.