Yaponiya Müdafiə Nazirliyi 2023-cü ildə ölkədə ilk dəfə olaraq Yer kürəsinin orbitində “kosmik zibil”i müşahidə etmək üçün xüsusi olaraq nəzərdə tutulmuş radarı quraşdırmağı planlaşdırır.
tass.ru saytının məlumatına görə, radar toqquşma təhlükəsi yaranan zaman Yaponiya peyklərinin orbitlərinə düzəlişlər etmək məqsədilə onların yaxınlığındakı qırıntıların hərəkəti haqqında operativ informasiyanı əldə edəcək.
Bildirilir ki, Yaponiya Müdafiə Nazirliyi bu məqsədlə təxminən 4,4 milyard yen (38 milyon dollar) sərf etməyi planlaşdırır. Lazımi məbləğin 2018-ci maliyyə ili üçün dövlət büdcəsindən ayrılacağı gözlənilir.
Hazırda orbitdə çəkisi 5 min ton ağırlığında 300-ə yaxın “kosmik zibil” obyekti var. Mütəxəssislər onların toqquşacağı təqdirdə kaskad effektinin baş verməsi nəticəsində “zibil”in çoxalacağından və onun orbitdə fəaliyyət göstərən aparatlar üçün böyük təhlükə yaradacağından ehtiyat edirlər.
Mütəxəssislər qeyd edirlər ki, son 30 ildə “kosmik zibil” dəfələrlə çoxaldığından onun təmizlənməsi problemi də vüsət alıb. Bu səbəbdən dünya ölkələrində problemin həlli üçün müxtəlif variantlar təqdim olunur.