Fransanın “Dracula Technologies” şirkətinin mütəxəssisləri smartfonlar üçün təbii və süni işıqla işləyən enerjidoldurma qurğusu hazırlayıblar. Kiçik bükülən vərəqdən ibarət olan qurğunu bir saat ərzində adi printerdə çap etmək, telefona və ya istənilən səthə yapışdırmaq olar.
futurist.ru saytının məlumatına görə, günəş enerjisi üzrə ixtisaslaşdırılmış şirkətin mütəxəssisləri yeni layihədə süni işıqlandırmadan da istifadə etməyə qərar veriblər. Bununla bağlı müəyyən çətinliklər yaranıb. Belə ki, süni işığın intensivliyi günəş işığının intensivliyindən daha aşağıdır. İstehsalçılar hələ ki, elektrik işıqlandırmasının köməyilə telefonu tamamilə doldura bilmirlər. Yeni texnologiyanı təkmilləşdirən mühəndislər bir neçə ay sonra smartfonları qısa müddət ərzində süni işıq vasitəsilə enerji ilə yükləməyin mümkün olacağını bildiriblər.
Beş qatdan ibarət vərəqin ölçüsü (diametri 5 sm) müasir smartfonlar üçün uyğundur, lakin istehsalçılar vərəqləri daha böyük ölçüdə (30 santimetrə qədər) çap etməyi və onları işıqla tez-tez təmasda olan səthlərə bərkitməyi məsləhət görürlər. Vərəq rəngini dəyişdirə və hətta şəffaf ola bilir.
İstehsalçılar rahat, kiçik və ucuz qurğunun tezliklə bütün kiçik elektrik cihazlarının enerji ilə yüklənməsi üçün istifadə olunacağına əmindirlər.