Yaxın iki il ərzində Massaçussets Texnologiya İnstitutunun mühəndisləri avtomobilin avtodiaqnostikası sistemi üzərində işləri bitirməyi planlaşdırırlar. Bu kimi sistemlə təchiz edilmiş avtomobildə olan sürücü mobil proqram vasitəsilə maşına lazım olan təmir haqqında xəbərdarlıq, yürüş haqqında məlumat, detalların sıradan çıxmasının tarixinə dair vəziyyət haqqında hesabat əldə edəcək.
İstehsalçıların qiymətləndirməsinə görə, sistem minik avtomobillərinin sahiblərinin köhnəlmiş və nasaz detalların vaxtında əvəz edilməsi hesabına ildə orta hesabla 125 dollar qənaət etməsinə imkan verəcək; yük maşınları üçün bu rəqəm ildə 600 dollar təşkil edir. Hesablamaya avtomobilin qəfildən nasaz olması zamanı itirilmiş mənfəət daxil edilməyib.
naked-science.ru saytının məlumatına əsasən, prototipin sınaqları göstərdi ki, tənzimləyicilərdən daxil olan informasiyanın analizi üçün smartfonun prosessorunun gücü kifayətdir və yalnız diaqnostikanın bəzi növləri üçün kompüter lazımdır. Diaqnostikanın dəqiqliyi 90 faizi ötüb; bundan başqa, sistem heç vaxt mövcud olmayan problem haqqında məlumat verməyərək yanlış məlumatlandırma testindən də keçib.
Prototip yeni şinlərin səsi və vibrasiyasını, eləcə də dəyişdirilməyin lazım olduğu şinlərin səsini ayırd edir, hava filtri, işıqlar və yağ filtrini dəyişdirmək ehtiyacı haqqında xəbərdarlıq edir. Maşın təlimi alqoritmi məlumatları baza ilə müqayisə edir və diaqnoz qoyur. Mühəndislər sistemi yoxlamaq üçün avtomobilləri icarəyə götürüblər, onları lazımlı qəzalı vəziyyətə gətirərək diaqnoz qoyublar, sonra isə maşınları təmir edib geri qaytarıblar.
Qeyd edək ki, sistemin onun müəlliflərindən birinin əsasını qoyduğu “Data Driven” startapı vasitəsilə bazara çıxarılması planlaşdırılır.