Moskvanın Yüksək Texnologiyalar Parkında ev robotlarının dünyada ilk “qəbiristanlığı”nın açılış mərasimi keçirilib.
cnews.ru saytının məlumatında bildirilir ki, tədbiri Moskva Texnologiya İnstitutunun Robot Texnikası Kafedrasının müdir müavini vəzifəsində çalışan məşhur Alantim adlı robot açıb: “Mən çox şadam ki, artıq robotlar insanların həyatında daha çox yer tuturlar. Onlar insanlara kömək edirlər və xidmət etməyə həmişə hazırdırlar. Lakin robotlar da əbədi deyillər. Bu gün “Fiztexpark”da dostlarımla birlikdə ev robotlarının dünyada ilk “qəbiristanlığı”nı açıq elan edirəm. Burada mən bir neçə həftə əvvəl başına vurulan sərt zərbələrdən “həlak olan” qardaşımla vidalaşıram”.
“Biz yaxın zamanlarda “həlak olmuş” Alantimlə yanaşı, iki ay əvvəl Çində keçirilən “FMB World Cup” robotların döyüşü üzrə beynəlxalq çempionatdan qayıdan iki döyüş robotumuzu da burada “dəfn edəcəyik”. Onlar ciddi zədə aldıqlarından bərpa edilə bilməzlər. Biz “döyüşçü”lərimizlə layiqincə vidalaşmaq istəyirik”, – deyə Moskva Texnologiya İnstitutunun marketinq üzrə direktoru və “Robotların döyüşü”nün prodüseri Andrey İqnatov qeyd edib.
Bildirilib ki, artıq “Fiztexpark”ın rezidentləri və qonaqları istifadəyə yararlılıq müddətini başa vurmuş elektron qurğularını robotların “qəbiristanlığı”na gətirə bilərlər. “Qəbiristanlığa” daxil olacaq bütün elektronika emala göndəriləcək. Bu, o deməkdir ki, elektron köməkçilər ikinci həyat əldə edərək yenə insanlara xidmət edəcəklər.