Çinin “BOE” şirkəti ölkədə üzvi işıq diodlu ekranların (OLED) istehsalına başlayıb. Beləliklə, Çin elastik displeylərin istehsalının həyata keçirildiyi Koreya Respublikasından sonra ikinci ölkə olub.
belta.by saytının məlumatına görə, OLED displeylərin ilk partiyası artıq “Huawei”, “Vivо”, “Xiaomi”, “ZTE” və əvvəllər analoji məhsulu “Samsung”dan satın alan digər Çin şirkətlərinə göndərilib.
“BOE” şirkətinin vitse-prezidenti Çjan Yun bildirib ki, displeylərin altıncı nəsil AMOLED (üzvi işıq diodlu aktiv matris) texnologiyasından istifadə edilməklə istehsalı şirkətin Çendu şəhərində yerləşən bazasında həyata keçirilir.
OLED ekran yüksək parlaqlıq, kontrastlıq, eləcə də kiçik qabaritlər və çəki daxil olmaqla, bir çox üstünlüklərə malikdir. Çin istehsalçısının məhsulunun qalınlığı 0,03 mm təşkil edir.
Ekspertlərin proqnozlarına əsasən, bükülən ekrana malik qurğular yaxın 1-2 ildə Çin bazarına çıxarıla bilər.