Robota vətəndaşlıq verilib 2017-10-27 12:40:00 / MARAQLI MƏLUMATLAR

Ər-Riyadda keçirilən “Future Investment Initiative” adlı iqtisadi konfransda Sofiya adlı insanabənzər robota Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib.

“Səudiyyə Ərəbistanı Krallığına təşəkkür edirəm. Mən vətəndaşlıq almış ilk robot oldum”, – deyə Sofiya bildirib.

lenta.ru saytının məlumatına görə, Səudiyyə Ərəbistanında mövcud olan sərt qaydalar ölkə əhalisinin üçdə birini təşkil edən əcnəbi işçilərə vətəndaşlıq verməyə imkan vermir.

2016-cı ilin martında Sofiya müsahibə zamanı “İnsanları öldürəcəksənmi?” sualını “bəli” deyə cavablandırmışdı. 2017-ci ilin aprelində ABŞ televiziyasında çıxış etmiş robot dünyanı ələ keçirmək arzusundan bəhs etmiş, sonra bunun yalnız zarafat olduğunu bildirmişdi.

İnsanabənzər robot 60-dan çox emosiyanı təsvir edə bilir. Onun gözlərinə yerləşdirilmiş xüsusi kameralar həmsöhbətlə göz təması qurmaq üçün nəzərdə tutulub. Humanoidin yaradıcısı Devid Hanson onu hazırlayarkən britaniyalı aktrisa Odri Hepbernin obrazlarından ilhamlanıb.

    Copyright © İnformasiya Texnologiyaları İnstitutu, 2024