“Apple” şirkəti çərşənbə günü “Bloomberg News” resursunda dərc edilmiş məqaləni təkzib edib. Həmin məqalədə şirkətin iPhone X təchizatçılarına smartfonun satışa çıxarılmasını tezləşdirmək üçün qurğuda Face ID üzün tanınması sisteminin dəqiqliyini azaltmağa icazə verdiyi iddia edilir.
“Apple” şirkəti “Reuters” agentliyinə göndərdiyi elektron məktubda “Bloomberg-in bizim Face ID-nin dəqiqlik göstəricilərini azaltmağımız barədə olan iddiası tamamilə yalandır”, – deyə bildirib.
“Apple” öz bəyanatında təsdiq edib ki, iPhone X planlaşdırıldığı kimi, noyabrın 3-də satışa çıxarılacaq. Şirkətdən bildirilib ki, üzün identifikatorunun keyfiyyəti və dəqiqliyi dəyişməyib. Yeni iPhone-un blokdan təsadüfi olaraq çıxması ehtimalı əvvəlki kimi milyonda bir rast gəlinə biləcək hadisədir.
3dnews.ru saytının məlumatına görə, 999 dollar dəyərində olan iPhone X flaqman smartfonunun ən çox müzakirə olunan funksiyalarından biri də Face ID sistemidir. Sistem xüsusi alqoritmin köməyilə insanın üzünün riyazi modelini yaradaraq smartfonun ekranına baxmaqla ödəniş etməyə imkan verəcək.